Uşaq Depressiyası

Depressiya uşaqlarda və böyüklərdə müşahidə olunan emosional pozuntudur. Depressiya həyatda yaşanan stress, yorğunluq, məyusluq, boşluq kimi bir çox problemin yaratdığı reaksiyadır.

Uşaqlarda depressiya nə qədər erkən yaşda başlayarsa, inkişafa o qədər çox mənfi təsir edir. Bu səbəbdən də vaxtında diaqnoz və terapiya etmək lazımdır. Heç bir problemi olmadığı halda anidən dəyişikliklər müşahidə olunan uşaqlarda depressiyanın əlamətləri ailə üzvlərinin və müəllimlərin diqqətini daha tez öz üzərinə çəkə bilir və erkən müdaxilə olunur. Digər psixoloji problemləri olan (hiperaktivlik, davranış pozuntusu, məktəb fobiası və s.) uşaqlarda isə, paralel olaraq depressiya yarandıqda bunu təyin etmək daha çətin olur.
Normal inkişaf edən uşaqlar adətən altıncı ayından sonra bağlı olduqları insanlardan ayrı düşəndə reaksiya verirlər. Yəni, altı ayından sonraki bütün yaş dövrlərində depressiya müşahidə oluna bilər. Ümumilikdə uşaqlarda depressiya müxtəlif yaş dövrlərində müxtəlif əlamətlərlə müşahidə olunur:
  • Körpəlik dövrü
  • Məktəbəqədər dövrü
  • Məktəb dövrü
  • Yeniyetməlik dövrü
Körpəlik dövründə depressiya adətən somatik problemlərlə özünü göstərir. Pediatr yoxlanışı zamanı heç bir fiziki problem müşahidə olunmadığı halda uşaqda; ağrılar, ağlama və uzun müddətli ağlamadan sonra susqunluq, ətrafdan gələn qıcıqlara reaksiya azalır, yerində yellənmə, qusma, ishal, iştah zəifliyi və bu kimi hallar müşahidə olunur. Simptomlar artmamış ananın uşaqla kontaktının bərpası əlamətlərin azalmasını və tamamilə yox olmasını təmin edə bilər.
Məktəbəqədər dövründə uşaqlarda adətən daimi olduqları mühiti dəyişdikləri zaman bu problem yarana bilər. Məsələn, evdən heç çıxmamış uşaq anidən baxçaya gedərsə və ya baxçaya, gəzməyə daimi aktiv həyata öyrənmiş uşağı anidən evə bağlamaq, ailə üzvlərindən kiminsə ağır xəstələnməsi və bu kimi bir çox hadisə depressiyanın yaranmasına səbəb ola bilər. Əlamətlərinə; oyun oynamağa istəksizlik, yuxu pozuntuları, özünə qapanıqlıq, oyun dostlarından uzaqlaşmaq, yemə pozuntuları, özgüvən əksikliyi və s. daxildir. Bu dövrdən etibarən uşaqlarda depressiyanı korreksiya etmək üçün psixoloqa müraciət etmək vacib məsələdir. Əks halda zamanla depressiya ağırlaşa və uşaqda inkişaf ləngiməsinə səbəb ola bilər.
Məktəb dövründə olan uşaqlarda məktəbdə uğursuzluqlarının çox olması, digər şagirdlər tərəfindən qəbul edilməmək, hansısa müəllimin kobudluğu, ailədən gələn hədsiz tənqid olunma və bu kimi bir çox hadisə uşaqlarda depressiyaya səbəb ola bilər. Bu yaş dövrünün uşaqlarında simptomlar aqressivlik, əhval-ruhiyyədə sönüklük, özünə qapanıqlıq, yaşıdlarından uzaqlaşmaq, həmçinin diqqət və motivasiya əksikliyindən qaynaqlanan dərslərdə uğursuzluq, ürəkbulantısı, yuxu pozuntuları, enerji və potensialının azalması, özgüvənin aşağı olması və s. buna bənzəyən bir çox əlamətlə özünü göstərir.
Yeniyetmə dövrünün depressiyası böyüklərin depressiyasına çox bənzərdir. Sadəcə olaraq, yeniyetmələrdə baş verən fiziki dəyişikliklər, hormonların qeyri-sabitliyi, universitetə hazırlaşmağın gətirdiyi stress, fikirlərin dəyişkənliyi və ailə üzvləri tərəfindən başa düşülməmək kimi bir çox problemlər depressiyaya səbəb ola bilər. Yeniyetməlik dövründən etibarən sevgi və ya sevgisizlikdən qaynaqlanan depresiyanın da müşahidə olunması ehtimalı da yüksəkdir. İntihara cəhd, ölüm fikirləri, həyatın mənasız olmasını düşüməyə dair fikirlər, özünəqapanıqlıq, həvəssizlik, aqressivlik, tez-tez özündən böyüklərlə konfliktlər, yuxusuzluq və ya hədsiz çox yatmaq, yeməyə hədsiz iştah və ya iştahsızlıq və s. kimi bir çox əlamətləri müşahidə olunur.
Aşağıda qeyd olunan əsas simptomların ən az 2 əlaməti ən az 1 ay müddətində uşaqda müşahidə olunmuşsa, mütləq proffisional müdaxilə olunmalıdır:
  • Diqqətsizlik və motivasiya əksikliyi
  • Öyrənmə çətinliyi
  • Dəyərsiz olduğuna aid düşüncələr
  • Özgüvənsizlik
  • Həyəcanlılıq
  • Tez-tez ağlamaq
  • Küsəyənlik
  • Ətraf mühitə marağın azalması
  • Yalnızlıq hissi
  • Sevilməmək düşüncələri
  • Dərslərdə uğursuzluqların artması
  • Yuxu pozuntuları
  • İştah dəyişiklikləri
  • Düşünməkdə ləngimə
  • Kefsiz üz ifadəsi
  • Tez yorulmaq
  • Həvəssizlik
  • Özünə əsəbi olmaq
  • Hər şeyə tez əsəbiləşmək
  • Enorez
  • Tez-tez xəstələnmək
  • Gecə qorxularının olması
  • Gələcəklə bağlı mənfi düşüncələrin olması
  • Ümidsizlik
Terapiyası zamanı medikal müdaxilə ən son düşünüləcək mövzudur. Həm ailənin, həm də uşağın psixoloji terapiya görməsi mütləqdir. Böyüklərdən fərqli olaraq, uşaq və yeniyetmə dövrünün terapiyası üçün ətraf mühitdə dəyişikliklər edərək korreksiya etmək mümkündür.